Hacı Nuran bu gün Azərbaycana qayıdır

Hacı Nuran bu gün Azərbaycana qayıdır
04:31 2 Fevral 2015
309 Şou
Ölkə mətbuatı
A- A+

"Çox həyəcanlıyam... Sabah inşallah Azərbaycana qayıdıram. Axşam saat 19:00 radələrində təyyarə Bakıya enəcək".

Axşam.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, bu sözlər uzun müddətdir Almaniyada xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynova məxsusdur. O, bu şad xəbəri sosial şəbəkə vasitəsilə bəyan edib:

"Əziz həmvətənlər! Mən uzun müddətdir ki, sağlamlığımla bağlı Vətəndən kənarda müalicə alırdım. İcazə verin, böyük səmimiyyətlə mənim müalicəm üçün ilk başdan indiyə kimi göstərilən diqqətə, maddi yardıma, yüksək qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli, xeyirxah insan Mehriban xanım Əliyevaya və Fondun vitse-prezidenti, humanist insan Leyla xanım Əliyevaya öz minnətdarlığımı bildiririm.

Həmçinin bu çətin günlərimdə ilk günlərdən indiyə kimi yanımda olan bütün dostlarıma, adını bilmədiyim insanlara mənə göstərdikləri mənəvi və maddi dayağa görə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Mənim əzizlərim, hamınız üçün çox darıxmışam!

Müalicəm hələ bir neçə il davam edəcək. Lakin ölkəmdə tarixi bir hadisə - Birinci Avropa Oyunlarının keçirildiyi bir vaxtda kənarda qala bilmədim. Çox istədim ki, mən də hamı kimi bu işdə öz töhfəmi verim.

Artıq iki ildən çoxdur ki, xəstəliyimlə əlaqədar Vətəndən uzaqda müalicə aldığım üçün doğmalarımdan uzaq düşmüşəm. İlk növbədə mərhum valideynlərimin məzarını ziyarət edəcəm (Allah bütün həyatdan köçən insanlara rəhmət eləsin).

Mavi Xəzərimlə bir anlıq baş-başa qalıb, dalğalarının pıçıltısına qulaq asmaq istəyirəm.

Mənə edilən dualarınız üçün Sizə səmimi qəlbdən təşəkkür edirəm. Allah sizdən razı olsun. Mən də ölkəmdə daima firavanlıq və sülh olmasını, xalqımın azad və xoşbəxt yaşamasını Ulu Tanrıdan diləyirəm!

Arzu edirəm ki, düşmən tapdağında olan torpaqlarımız, gözəl Qarabağımız tezliklə azad edilsin və bu torpaqlarımızda sülh, əminamanlıq olsun!".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR