AzərTAc-ın bir qrup gənc əməkdaşı Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya edib

AzərTAc-ın bir qrup gənc əməkdaşı Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya edib
00:53 2 Fevral 2015
1148 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 1 fevral, Türkan Abdullayeva, AzərTAc
Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bir qrup gənc əməkdaşı agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya edib.
Kollektivin tanışlığı qoruq ərazisində inşa edilən muzeydən başlayıb. Məlumat verilib ki, muzey 2011-ci ildə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb.
Muzeyin girişində petroqliflər təqdim edilir. Qobustan petroqliflərinin rəsmlərini zalın divarlarında və tavanında görmək mümkündür. Rəsmlər həlqəvari zolaqlar şəklində düzülüb.
Bildirilib ki, muzeyin sərgi zalı müxtəlif bölmələrdən təşkil olunub. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılıb. Döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini əks etdirən işıq şüalarından ibarət təsvirlər salınıb.
Gənclər zalları gəzərək ekspozisiyalarla tanış olublar.
Məlumat verilib ki, “Qobustan: UNESCO-nun ümumdünya mədəni irsi” zalında dünyadakı 200-ə yaxın oxşar abidə haqqında məlumatlar əks edilib. Bu otaqdakı sərgilər Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft kompleksinin Azərbaycan və dünyanın qayaüstü incəsənəti irsinin zəngin bir hissəsi olduğunu göstərir.
“Qobustanın təbii mühiti” zalında isə qonaqlar sıx meşəli və müxtəlif növ heyvanların yaşadığı geniş savannalı ibtidai dünyanı, eləcə də ətraf mühitin bəşər tarixinə təsiri və insanların inkişafındakı əhəmiyyətini xəyallarında canlandıra bilirlər. Sensor ekranda minilliklər ərzində Xəzər dənizinin necə dəyişdiyini əks etdirən animatik təqdimatı müşahidə etmək, Qobustanın təbiəti, florası haqqında məlumatlar almaq mümkündür.
Muzeyin “Qobustanda arxeoloji kəşf” zalında petroqliflərin aşkar edilməsi və öyrənilməsi, qazıntıların aparılması prosesləri əks olunub. Burada insan sümükləri, arxeoloji təbəqələrdən tapılan daşlar, saxsı qablar və digər eksponatlar maraq doğurur.
“Zamana səyahət” zalı isə tarixin müxtəlif dövrlərində Qobustandakı həyatı əks etdirir. Qonaqlar burada dinozavrlar dövründən etibarən bugünkü Qobustanda və ümumiyyətlə, Azərbaycan tarixində baş verən ən mühüm hadisələri müşahidə edə bilərlər.
AzərTAc-ın gənc əməkdaşları “Qədim dövr insanlarının həyatı” zalında daş əmək alətlərinin hazırlanması və onların funksiyaları barədə məlumatlarla tanış olublar. Bu zalda Paleolit, Mezolit və Neolit dövrlərinə aid alətlər, daş dövrü insanlarının gündəlik həyat tərzi orijinal artefakt sərgilənməsi ilə, bəzi məqamları isə bədii təsvirlərlə nümayiş etdirilir.
“Qədim dövr incəsənəti” zalı ibtidai insanların gözəllik anlayışını və bədii təxəyyülünü nümayiş etdirir.
Gənclərin diqqətinə çatdırılıb ki, “Əsrlərdən gələn petroqliflər” zalı sayı 6 mindən çox olan ornamentləri, qayaüstü incəsənətin təkamülünü öyrənməyə imkan verir. İnteraktiv qurğu vasitəsilə, qonaqlar Qobustanın qayaüstü incəsənətinin təkamülünü öyrənə və onun bəzi mühüm məqamlarını görə bilərlər.
“Petroqliflərin mənası” və “Qobustanın qədim dövr rəssamları” zallarında Qobustan qayaüstü rəsmlərinin mənası, “Heyvanlar və ovçular”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zallarında isə qədim heyvan sümüklərinin qalıqları, o dövrün insanlarının ən çox ovladıqları heyvanlar haqqında məlumatlar verilir. Qoruq ərazisində 3D formatlı video ilə virtual uçuş da həyata keçirmək mümkündür.
Sonra AzərTAc-ın əməkdaşları qoruq ərazisindəki Böyükdaş zirvəsində yerləşən qədim musiqi aləti olan qavaldaş, Anazağa, Öküzlər və Ovçular mağaraları ilə tanış olublar. Məlumat verilib ki, ibtidai dövrdə insanlar burada çoxlu petroqliflər yaradıblar.
Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi Qobustan Milli Tarix-Bədii Qoruğu ilə tanışlıq AzərTAc-ın gənc əməkdaşlarının böyük marağına səbəb olub.
Qeyd edək ki, AzərTAc-ın həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə agentlik əməkdaşlarının tarixi məkanlara və ölkəmizin səfalı guşələrinə səfərləri mütəmadi qaydada təşkil olunur.




















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AzerTAc_in_bir_qrup_genc_emekdasi_Qobustan_Milli_Tarix_Bedii_Qoruguna_ekskursiya_edib-829009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR