Azərbaycanlı aktrisa: "Uğursuz sevgi yaşamışam" - FOTOSESSİYA

Azərbaycanlı aktrisa: "Uğursuz sevgi yaşamışam" - FOTOSESSİYA
00:27 2 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Samirə Nəcəfovanın Milli.Az-a müsahibəsi.

- Samirə xanım, sizi teatra hansı hadisə gətirdi?

- Hələ onda yaşım az idi. Bir filmə baxırdım. Sonda titrdə yazılan rejissor sözü mənə maraqlı gəldi. Diqqətimi cəlb etdi. Anama dedim ki, mən rejissor olmaq istəyirəm. O, buna etiraz etmədi. Çünki özü də vaxtı ilə aktrisa olmaq istəyib, amma icazə verməyiblər. Orta məktəbi bitirəndən sonra yüksək balla Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Oranı bitirəndən sonra Kukla Teatrında fəaliyyət göstərməyə başladım. Bu günə qədər də burada çalışıram.

- Teatra gəldiyiniz ilk günlərdə sizə qarşı münasibət necə idi? Sizə qarşı qısqanclıqlar olurdu?

- Olmurdu desəm, yalan olar (gülür). Mən gələn kimi mənə ard-arda rollar həvalə olunurdu. Bu da bəzi həmkarlarımda müəyyən mənada qısqanclıq yaratmağa başlamışdı. Hətta tamaşa vaxtı səhnədən mənim idarə edəcəyim kuklaları da “oğrulamaq”dan çəkinmirdilər.

- Sizə mütəmadi olaraq rollar həvalə olunduğunu deyirsiniz. İndiyə qədər hansı tamaşalarda rol almısınız və canlandırdığınız obrazlardan daha çox hansı yadınızda qalıb?

- “Tıq-tıq xanım”, “Nağıllar aləmi”, “Sizin saat”, “Düyməcik”, “Çippolini”, “Ələddin”, “Zınqırovlu pişik” və s. kimi tamaşalarda rol almışam. Mənim üçün ən yaddaqalanı isə, canlandırdığım “tülkü” obrazı olub.

- Bəs baş rol necə, ifa etmisiniz?

- Bəli, baş rollarım olub. Amma hələ ki, mənim ürəyimcə olan baş rol mənə verilməyib.

- Necə bir obraz istəyirsiniz ki?

- Bütün hislərimi, duyğularımı tamaşaçıya tam surətdə çatdıra biləcəyim bir obrazı canlandırmaq arzusundayam.

- Hal-hazırda işlədiyiniz teatrda bunu edə bilmirsiniz ki?

- Tamlığı ilə edə bilmirəm. Çünki tamaşaçı kütləmiz də fərqlidir. Mən arzuladığım obrazı başqa bir teatrın səhnəsində oynamaq istərdim.

- Arzuladığınız baş rol üçün rejissorlara niyə müraciət etməmisiniz?

- Heç bir vaxt rol üçün rejissorun qapısını döyməmişəm

- Başqa teatrın səhnəsində çıxış etməyi yaman arzulayırsınız. Ola bilərmi ki, haçansa iş yerinizi dəyişmək qərarına gələsiniz?

- Qətiyyən. Mən təqaüdə çıxana qədər mənə doğma ola Dövlət Kukla Teatrında fəaliyyət göstərməyi planlaşdırıram.

- Birdən planınız baş tutmasa, nə işlə məşğul olarsınız?

- Yəqin ki, bizneslə. Konkret desək, restoran biznesi ilə məşğul olaram. Çünki bu işdən başım çıxır.

- Kuklaların dili olsa idi, onlardan nə soruşardınız?

- Çox istərdim ki, onlar məni həm bir insan, həm də aktrisa kimi xarakterizə etsinlər. Özüm barədə onlardan soruşmaq istəyərdim.

- Ailə həyatı qurmusunuz?

- Xeyr, qurmamışam.

- Bu yaşınıza qədər sevməmisiniz ki?

- Sevmişəm, ancaq alınmayıb. Uğursuz sevgi yaşamışam.

- Hal-hazırda sizin teatra gələn tamaşaçıların sayı sizi qane edirmi?

- Təbii ki, edir. Çünki bizim teatr Bakıda sırf uşaqlar üçün fəaliyyət göstərən yeganə teatrdır. Bu baxımdan, tamaşaçı sayını qənaətbəxş saymaq olar.

- Siz “Hippokrat andı” teleserialında kifayət qədər açıq-saçıqlığı ilə diqqət çəkən katibə roluna çəkilmisiniz. Necə düşünürsünüz, Kukla teatrında çalışan bir aktrisa üçün belə səhnələrə çəkilmək normal haldır?

- Firkimcə, normaldır. Çünki əsl aktria üçün rolun fərqi - böyüyü, kiçiyi olmamalıdır. Əsas onun yaxşı alınmasıdır.

- Səhv etmirəmsə, iki ilə yaxın “Parni iz Baku” KVN teatrında da fəaliyyət göstərmisiniz. Sözügedən teatrdan uzaqlaşmağınıza səbəb nə oldu?

- İşimin müqabilində aldığım məvacib məni qane etmirdi, ona görə də oradan ayrıldım.

- Heç olubmu ki, tamaşaya gələn uşaqlar sizi çıxılmaz vəziyyətə salsınlar?

- Tamaşa zamanı belə hallar olur. Hətta elə olub ki, eyni tamaşaya bir neçə dəfə gələn bir uşaq mənim deyəcəyim sözləri artıq əzbər bildiyi üçün sözümü kəsib, mənim sözümü məndən qabaq deyib (gülür). Bundan başqa səhnədə yıxıldığım məqamlar da olub. Amma bütün bu çıxılmaz vəziyyətlərdən öz gücümə və təcrübəmə görə çıxmağı bacarmışam.

- Əvvəlki illərə nisbətən indi teatrlara tamaşaçı axını azdır desək, yanılmarıq. Söhbət ümumilikdə gedirsə, bunu yəqin ki, sizin teatrda da sezmək olar. Sizcə, bu nə ilə əlaqədardır?

- Başqa teatrları deyə bilmərəm, amma uşaqların teatra gəlməsi, ya da gəlməməsi bilavasitə valideynlərdən asılıdır. Uşaqlarda teatra marağı valideyn yaratmaldır, onu vaxtaşırı tamaşalara gətirməlidir ki, uşaq da teatrı sevsin. İndi çoxları uşaqlarının başını texniki əyşalarla “qatır” ki, bu da teatrlara olan marağı nisbətən azalmasına gətirib çıxardır. Nəzərə almaq lazımdır ki, böyüklər üçün nəzərdə tutulan teatrlara gedən yol məhz Dövlət Kukla Teatrından başlayır. Sabahın tamaşaçıları bu gün bizim tamaşaçılarımızdır. Bu baxımdan, uşaqlara teatr sevgisini aşılamaq vacib amillərdən biridir.

Cavidan Abdullayev
Milli.Az


























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/321286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR