7 notun 70-ə çatması (VİDEO)

7 notun 70-ə çatması (VİDEO)
00:26 2 Fevral 2015
378 Ölkə
Ölkə mətbuatı
A- A+

Vaqif Səmədoğlunu Azərbaycan həm səs, həm söz, həm fikir kimi itirdi. O, həm də müsiqiçi idi. Böyük adamların boş qalan yeri də böyük olur. Təsəlli yerimiz odur ki, o bu vətənin övladından həm də bu torpağın övladına çevrildi. Biz gərək ona görə bu torpağı daha çox sevək...

Bu sözlərin müəllifi Polad Bülbüloğlu fevralın 4-də 70 yaşını qeyd edəcək. Və biz də onunla bərəbər bu bayramı dövlət, xalq səviyyəsində qeyd edəcəyik. Polad Bülbüloğlunun yubiley təntənələrinə isə bu gün biz burdan start veririk. Polad Bülbüloğlu ilə öz konsertinə hazırlaşdığı Heydər Əliyev sarayında görüşdük. Zalda bizdən və bir də yəqin ki, onu həmişə hifz edən Bülbülün ruhundan başqa heç kim yox idi...

- Polad müəllim təbrik edirəm ad gününüzü.

- Çox sağ olun minnətdaram.

- Polad müəllim biləndə ki, 70 yaşınız var. Sizdə hansı hisslər oldu?

- Mən özümü 70 yaşında hiss etmirəm. Yəni gündəlik işimizdə, gündəlik yaşayışımzda. Biz özümüz cavan olanda deyirik ki, 18-20 yaşlarındadır, 50- 60 yaşında isə deyirik ki, artıq qoca kişidir bu. Amma 50-də gəldi keçdi, 60-da gəldi keçdi. İndi adam heç bilmir 70 haradan gəldi.

- Polad müəllim 70 yaşında sizin kimi görünmək üçün mən nə etməliyəm?

- Mən bunu qarşıma məqsəd kimi qoymuram. Xüsusi olaraq yoqaya, məşqə getmirəm. Elə adam var ki, özü üçün məşqçi tutur, hər gün məşq edir.


- Polad müəllim, siz indi mənim bildiyimə görə, Bülbüldən 6, yoxsa 7 yaş böyüksüz?

- Bülbül 64 yaşında 61-ci ildə rəhmətə getdi.


- Atadan yaşda böyük olmağın hansısa əlavə hissləri var?

- Bilirsiniz, mən hər dəfə Bakıya gələndə qəbirüstünə gedirəm. Elə bil ki, atamın ruhundan bəhrələnirəm, ötən illəri yada salıram. Mən atadan doymadım. O vaxtlar mənin 16 yaşım var idi. Və atam çox istəyirdi ki, mən bəstəkar olum. Mən də uşaqlıqdan daha çox müğənni olmaq istəyirdim. Atam həmişə zarafatca deyərdi ki, istəyirəm ki, sən öyrənəsən musiqi necə yaranır, necə ərsəyə gəlir, necə inkişaf edir. Hərdən deyirdi ki, oxumağı mən sənə həmişə öyrədərəm. Amma elə oldu ki, artıq öyrədə bilmədi. 9-cu sinifdə oxuyurdum, musiqi məktəbində. İndi həmin məktəb Bülbülün adını daşıyır. Və təbii ki, bu bizim üçün qəfildən oldu. O, da belə xarici görünüşdə, çox sağlam adam idi. İki gündən sonra biz rayonlara getməli idik. Bilirsiniz ki, atamı pianinoda iki il müşaiyət edirdim. Anam da həmişə nigaran qalırdı. Elə mənim də onunla ifa etməyim bir növ anamın təkidi idi ki, yanında doğma bir adam olsun həmişə. Şuşada Bülbül iki konsert verdi, indi bir müsiqiçi kimi deyə bilərəm ki, ondan sonra belə konsert olmadı, nə də bundan qabaq Bülbüldən elə oxumaq eşitmədim. Elə bil ki, gəldi Şuşa və şuşalılarla vidalaşdı. Ürəkdən gələn səsi, qəzəlləri, musiqi parçalarını oxudu və sentyabrın 26-da bu dünyadan getdi.

- Hər halda hesab edək ki, ad gününzdə siz onu görməsəniz də o, hardasa uzaqda bir yerdə olacaq, ordan baxacaq və Polada bir ata dəstəyi verəcək. Polad müəllim işiniz elə gətirib ki, siz həm diplomatsız, həm müğənnisiniz, həm də bəstəkarsınız. İş burasındadır ki, bəstəkar və müğənni elə insanlar kateqoriyasına aiddir ki, onlar nələri var açıb göstərməlidirlər, tamaşçı ilə tam səmimi olmalıdır. Diplomat isə elədir ki, gizlətməlidir. Bu təzad necə alınır?

- Sizinlə ümimiyyətlə danışmaq çox çətindir. Çünki, siz həmişə məğzi tutursunuz. Necə deyərlər, bu doğrudan da belədir. Hərdən özüm də təəcüblənirəm. Təbii ki, səhnədə sən tam açıq, eyni zamanda tam olaraq insanları özünə cəlb eləmək üçün gərək öz ürəyini onlara verəsən. Bu səhnənin qanunudur. Belə də Siz demişkən o da olur, bu da olur.

- Necə olur, necə edirsiniz bunu?

- Bu yaxınlarda məndən bir jurnalist soruşdu ki, musiqi necə yazılır? Mən də cavab verdim ki, mənim 70 yaşım var, indiyənə qədər o qədər əsərlər, simfoniyalar yazmışam, eləcə də 20 filmə musiqi bəstələmişəm. Mən indiyənə qədər bilmirəm musiqi necə yazılır? Fürsətdən istifadə edərək istəyirəm bunu deyim ki, son işlərimdən biri budur ki, 10 Azərbaycan xalq mahnısını simfonik orkestr üçün işləmişəm. Sonra Moskva kinomatoqrafiya orkestri ilə onları Mosfilmin studiyasında yazdırdım və özüm də oxudum. Artıq onun da diski çıxıb. Bəlkə oğul kimi, musiqiçi kimi, bir azərbaycanlı kimi hesab edirəm ki, müəyyən müsbət işi gördüm.

Müsahibənin davamını aşağıdakı videoda izləyə bilərsiniz.



Polad Bülbüloğlunun bir əla tapıntısı var. O, deyir ki, diplomatla musiqiçini birləşdirən ümumi cəhəti tapıb. Həm diplomat, həm musiqiçi nota ilə yazır. Bircə onu əlavə edim ki, diplomat notalarını biz də pis oxumuruq, bəstəkar notunu isə onun özündən, yəni Polad Bülbüloğludan yaxşı oxuyan yoxdur.
Mənbə
HESABAT: Mir Şahin



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=323250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR