Duzdan çox istifadə xərçəng riskini 40 faiz artırır

Duzlu qidaların daha çox istifadə olunduğu Asiya ölkələrində onun hədsiz istehlakı ilə mədə xərçəngi arasında əlaqə sübuta yetirilib. MedUni Vyana tərəfindən aparılmış uzunmüddətli araşdırma ilk dəfə olaraq bu riskin Avropadakı xərçəng statistikasında da əks olunduğunu göstərib. Bu yaxınlarda "Gastric Cancer" jurnalında dərc edilən təhlildən məlum olur ki, yeməyinə tez-tez duz əlavə edən insanların bu xəstəliyə tutulma ehtimalı başqalarına nisbətən qırx faiz çoxdur.

Metbuat.az “News-Medical” saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın "UK-Biobank" tədqiqatında 470 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçılara "Yeməklərə nə qədər tez-tez duz əlavə edirsiniz?" sualı ünvanlanıb. MedUni Vyana İctimai Sağlamlıq Mərkəzi mütəxəssislərinin başçılıq etdiyi tədqiqat qrupu sorğunun nəticələrini xərçəngin milli reyestrlərinin məlumatları ilə müqayisə edib. Bu araşdırma da yeməklərinə həmişə və ya tez-tez duz əlavə etdiklərini söyləyən insanların təxminən 11 illik müşahidə dövründə mədə xərçənginə tutulma ehtimalının yeməyə heç vaxt və ya nadir hallarda duz əlavə etmiş şəxslərə nisbətən 39 faiz daha çox olduğunu ortaya çıxarıb.

Qeyd edək ki, dünyada ən çox yayılmış xərçəng növləri siyahısında mədə xərçəngi beşinci yerdədir. Bu şiş xəstəliyinə tutulma riski insan yaşlandıqca artır, lakin son statistika 50 yaşdan aşağı olanlarda artımın narahatedici mənzərəsini göstərir. Risk faktorlarına, həmçinin tütün və alkoqol istifadəsi, “Helicobacter pylori” infeksiyası, artıq çəki və piylənmə daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR