“Cənubi Qafqazın sülh adasına çevrilməsi Qərbin maraqlarına ziddir” - AÇIQLAMA

“Dörd qeyri-anklav kəndin qaytarılması, 200 ildən artıq bir dövrdə itirilən Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan cənab İlham Əliyevin xalqa növbəti hədiyyəsi oldu”.

Bunu Metbuat.az-a Naxçıvan Dövlət Universitetinin prorektoru, tarixçi alim Arzu Abdullayev deyib. O bildirib ki, Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb:


“Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Azərbaycanın ədalətli və qətiyyətli mövqeyi, birmənalı olaraq ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu lider olmasının nəticəsidir. Bunu son proseslər də bir daha bütün dünyaya bəyan etdi. İstər 5 aprel Brüssel görüşünün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüşdən əvvəl Prezidenti İlham Əliyevə zəng edərək üçtərəfli görüşün təfərrüatlarını müzakirə etməsi, istər Yaxın Şərqin və Postsovet ölkələrinin siyasi tarixində son 300 ilə yaxın bir dövrdə görülməmiş bir hadisənin reallığa çevrilməsi, vaxtından əvvəl sülhməramlıların çıxarılması, istərsə də 4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Azərbaycanın şanlı tarixi və bu tarixin müəllifi Prezident İlham Əliyevin kifayət qədər artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir”.

Qeyri-anklav kəndlərin qaytarılması məsələsinin hələ 2020-ci ilin noyabrında Prezident İlham Əliyev tərəfindən qaldırıldığını xatırladan tarixçi vurğulayıb ki, bütün tribunalardan ölkəmiz birmənalı şəkildə bəyan və xəbərdarlıq edirdi ki, Ermənistan davamlı sülh istəyirsə, işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır.

Arzu Abdullayev qeyd edib ki, ölkəmizin bu gün Cənubi Qafqaza sülh, sabitlik və davamlı uğurlar bəxş etdiyi bir dövrdə, təəssüf ki, Qərb, xüsusilə, rəsmi Paris bütün imkanları ilə Cənubi Qafqazda sülhə və davamlı inkişafa əngəl törədir:

“Cənubi Qafqazda sülh mövcud şəraitdə Qərbin siyasi və iqtisadi maraqlarına uyğun gəlmir. Nəticədə ABŞ və Avropa İttifaqı bölgədəki təsir imkanlarını qorumaq, münaqişəni alovlandırmaq üçün bütün güclərini səfərbər edir, propaqanda apararaq Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması, Ermənistan ərazisində hərbi hədəflərin olmasına dair əsassız fikirlər səsləndirir. 19 aprel razılaşması isə Fransa və digər Qərb dövlətlərinin propaqandasını ifşa edərək ABŞ və Aİ-nin bu məsələlərə müdaxiləsinə kökündən zərbə vurdu, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni özləri həll etdilər. Buna görə də bəzi Qərb dövlətləri və neoimperialist dairələr bütün bu gedişatlara kölgə salmamalı, etiraf etməyi bacarmalı, qəbul etməlidirlər ki, nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Qərb birmənalı olaraq anlamalıdır ki, Prezident İlham Əliyevin ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı seçimdir”.

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR