​“Tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq” - Elnur Kələntərovla MÜSAHİBƏ / FOTOLAR

"Metbuat.az-da Mətbuat katibləri" layihəsi çərçivəsində hər dəfə dövlət qurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə sizi yaxından tanış edirik.

Bu dəfə müsahibimiz Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərovdur.

Metbuat.az Elnur Kələntərovla olan müsahibəni təqdim edir:

- Elnur Kələntorovu televiziyadan çoxlarımız tanıyır. İstərdik ki, oxucularımızla birlikdə daha yaxından tanıyaq...

- Elnur Qəhrəman oğlu Kələntərov - 1976-cı il, aprel ayının 25-də anadan olmuşam. Atam Qəhrəman Hacı oğlu Kələntərov Bakı şəhərində dünyaya gəlib. O vaxtın “Sovetski gəncləri”ndəndir. İndiki Texniki Universiteti bitirib, inşaatçıdır. Anam isə Naxçıvanda doğulub. Əslində, atamgil də Naxçıvanlıdır, 1937-ci ildə Kələntərlilər nəslinin bir qismi Bakıya köçüb. Babam 1945-ci ildə müharibədən qayıdandan 1 il sonra atam dünyaya gəlib. Bu səbəblə, 5-ci övladının adını qəhrəman sovet döyüşçülərinin şərəfinə Qəhrəman qoyub. Anam isə Əmirovlar nəslindəndir. Cəmşid Əmirov, Əli Əmirov, Hüseyn Cavid, Əziz Şərif və s. ilə qohumluq əlaqələrimiz var. Bir bacım var. O, mənim üçün həm ana, həm də bacıdır. Düzdür, valideynlərimin hər ikisi sağdır, amma bacı başqa aləmdir. Onun haqqında saatlarla danışa bilərəm. Onun baxışında anamın nəzərlərini açıq sezirəm.

- Uşaqlıq illəriniz necə keçib?

- Sovet uşaqları olmuşuq. Sərhədsiz böyümüşük, nə istəmişiksə, onu da etmişik. Heç kəs bizə “Bunu etmə!” deməyib. Yıxılmışıq, əlimizi kəsmişik, başımız partlayıb, qolumuz qırılıb, bir sözlə, uşaqlıq görmüşük. Sırf sözəbaxan, sakit uşaq olmamışam. Yəni, səhərdən axşama qədər dərs oxumamışam, amma evə 2 və ya 3 qiymətilə qayıtmamışam. 10-cu sinifə qədər zərbəçi olmuşam. Bizim yaşadığımız indiki Bakıxanov qəsəbəsi rus və ermənilərin məskunlaşdığı qəsəbə olub. Cəmi 2 qonşumuz azərbaycanlı olub. Ruslarla birlikdə böyüdüyümüz üçün rus dilini yaxşı bilmişik. İndi hərdən təəssüf edirəm. Deyirəm ki, kaş qonşularımız ingilislər olardı, ingilis dilini o cür öyrənərdik (gülür).

90-cı illər müharibə başlayan dövrlər idi. Bir gün uşaqlar sinfə təyyarəvuran güllə gətirmişdi. Güllənin içində barıt olurdu, onu kəsib, özümüzə “partladan” düzəldirdik. Xatırlayıram, gülləni qarşıma qoyub mişarla kəsmişdim. Həmin vaxt kiçik bir qığılcım yaransaydı, ölə bilərdim. Bunu dərk etmirdik, bizi Allah saxlayıb (gülür). Bütün uşaqlar elə idi. O vaxt AzTV və ORT kanalları vardı. Orada gedən filmlər gündəmi müəyyənləşdirirdi. Məsələn, televiziyada Robin Qud filmi gedirdisə, təxminən 1-2 ay küçələrdə uşaqlar həmin filmin qəhrəmanlarına çevrilirdilər. Hamı ox düzəldir, həmin oxla bir-birini vururdu. Hətta oxun ucuna konserv qapağı, mismar bağlayanlar da olurdu. Həmin ox əlimizə, qolumuza batırdı. Bu gün ayaqda qalmağımız üçün həyat bizi uşaqlıqda çox bərkidib. İndi uşaqların gələcəkdə bizim kimi sərbəst, qərar vermə qabiliyyətinə sahib ola biləcəklərinə bəzən şübhə ilə yanaşıram. Çünki onlar çərçivəyə salınıblar, sanki sərbəstlikləri əllərindən alınıb, dərs yükü də çox. Dərsi bilməyəndə müəllim bizi sinifdən çıxarır, küncə qoyur, hətta “şapalaq” da çəkirdi. Amma gəlib bunu evdə deyə bilməzdik. Çünki cəzamızın davamı evdəkilərdən gələcəkdi. Bizim vaxtımızda müəllim həm də valideynimiz idi. İndi məktəb mühitində, tərbiyəsində əvvəlki zamanlar deyil. İndi o şapalağa görə valideyn müəllimdən şikayət edir, Feysbukda paylaşır, aləmi bir-birinə qatır. Uşaqlara dünyavi görüşlər baxımından çox sərbəstlik verilib. Bizim vaxtımızda valideynlər yalnız “valideyn iclaslar”ında bir-birlərini görərdilər. İndi artıq Votsapda qrup yaradıb hər gün baş verən yeniliklərdən xəbərdar olurlar (gülür). Görünür, informasiya bolluğunun, informasiya erasının öz müsbət və mənfi cəhətləri var.

- Övladlarınızı necə böyüdürsünüz?

- 3 övlad atasıyam. Böyük qızım Rübabə 10-cu sinifdə oxuyur. Xarici dilləri yaxşı qavraya bilir. İngilis, rus dillərini sərbəst bilir, Koreya dilini isə öyrənir. Həvəsi olduğu üçün ona bu şəraiti yaradıram. Digər övladlarım kiçikdir. Mərva qızım 2-ci sinifdə oxuyur, oğlum Səfa isə inşaallah gələn yeni dərs ilində məktəbə gedəcək. Bacardığım qədər çalışıram ki, iki balaca övladım uşaqlıq illərindən maksimum yararlansınlar. Fikir nöqteyi-nəzərdən indiki uşaqları nəzarətdə saxlamaq, onlara vətəni, xalqı, cəmiyyəti sevdirməyi bacarmaq, müəyyən zamana qədər bəzi sədləri gözləmək vacibdir. Bu, uşağın formalaşması üçün çox önəmlidir. Uşaq dərk etməlidir ki, sabah bu ölkənin tam hüquqlu vətəndaşı olmaq azdır, gərək millətinə, xalqına, dövlətinə xeyirli vətəndaş olasan.

- Məktəb illərinizlə bağlı xatirlərinizdə nələr qalıb?

- İndiki Bakıxanov qəsəbəsində yerləşən 96 saylı orta məktəbə getmişəm. Lakin məktəbə hamıdan fərqli 1 il tez – 6 yaşımda başlamışam. Təəssüf ki, məktəbi bitirən il (1992-ci il) əsgərliyə gedə bilmədim. Həmin dövrlər Qarabağ müharibəsinin qızğın vaxtları idi, o zaman 17 yaşım vardı. Ali məktəbə daxil ola bilməyən sinif yoldaşlarım müharibəyə gedirdilər, amma yaşım çatmadığı üçün mən gedə bilmirdim. Hətta bununla bağlı Müdafiə Nazirliyinə məktub da yazmışdım. 18 yaşım tamam olmadığı üçün qoymamışdılar. Daha sonra ali məktəbə daxil oldum deyə əsgərliyə gedə bilmədim. O zamanlar çox çətin idi. Təsəvvür edin, dünən sinif yoldaşın olan oğlanın bu gün ölüm xəbərini eşidirdin. Yas çadırlarında hərbi formada olan şəkillərini görəndə, valideynlərinin ah-naləsini eşidəndə, sənə tuşlanan nəzərlərini görəndə sabahımızın necə olacağını düşünə bilmirdik. O nəzərlər hələ də gözümdə canlanır. Bizə elə gəlirdi ki, həmişə belə olacaq. Çox şükür ki, indiki cavanlar tamam başqa bir Azərbaycanda yaşayırlar.

Məktəbimiz evimizin yanında idi. Valideynlərimiz bizi dərsə aparmırdılar. Məktəb çantaları indiki kimi ağır deyildi (gülür). Soyuqda, qarda, qışda heç bir problemimiz olmazdı. Piyada məktəbə gedirdik. Həm də o zamanlar hamı evinə yaxın məktəbdə oxuyurdu. Yadımdadır, məktəblərdə dərnəklər üçün uşaqlar seçirdilər. Bizim məktəbə də gəlmişdilər. Direktorumuz Əminə xanım Yazgül müəllimlə sinfə daxil oldu. Onlar yeni yaradılan Jurnalistika dərnəyi üçün uşaq yığırdılar. Kimin jurnalistika həvəsi vardısa, qatıla bilirdi. Mən də həmin dərnəyə qatıldım. Orada jurnalistikanın ilk addımlarını bizə öyrətdilər. Xatırlayıram, dərnəkdə Kəmalə və Nəriman adlı şagirdlər vardı. Biz üçümüz fəal idik. Bir gün bizə dedilər ki, aktiv şagird olduğunuz üçün Savalan qəzetində yazılarınız çıxacaq, hərəyə bir yazı hazırlayın. 1992-ci il fevral ayının 10-da üçümüzün yazısı çıxdı. Mən inflyasiyadan yazmışdım, 2-3 ədəd karikaturam da vardı. Düzü, o biri məqalələrin adı yadımda deyil, amma bir məqaləmizin adı “Gətir” idi. Məqalədə belə bir cümlə vardı: “Bizə dərs deyən müəllim də deyir, gətir!”. Təsəvvür edin, bir cümləyə görə Rayon Təhsil Şöbəsindən məktəbə komissiya gəlmişdi. Biz də o zaman sadə və saf idik. Soruşdular ki, hansı müəllim rüşvət gətirməyinizi istəyir? Əsas müəllif Nəriman dostumuz həmin vaxt “Gətir” ifadəsini bilik mənasında olduğunu dedi və söhbət bağlandı. Onda anladım ki, insan dediyi sözün məsuliyyətini daşımalıdır. O hadisə mənim üçün ömürlük dərs oldu. Jurnalistika sadəcə yazmaq deyil, çox ağır, məsuliyyətli peşədir. Yazmağı çoxu bacarır, bir az humanitar təhsilin, həvəsin olsa, yaxşı-pis yazacaqsan. İndi o cür yazanlarımız çoxdur. Yazar bilməlidir ki, yazdığı söz oxucularda fikir formalaşdırır. Jurnalistika hadisənin portretini yaratmaqdır. Onu necə görürsən, yaxud necə görmək istəyirsən. Bu sənin insanlara təsiretmə qabiliyyətindir. O da düzgün olmalıdır. Səhv yolda olan, məntiqi olmayan, obyektivlikdən uzaq, qərəzli yazar heç vaxt jurnalist ola bilməz. Jurnalistika böyük sahədir. Adətən deyirik ki, iki sahədə səhvlər bağışlanmır – həkim və müəllimlikdə. Amma jurnalistikada da səhv bağışlanmır. Jurnalistika səni şah da edə bilər, qul da. Ona görə, böyük bir məktəb keçmək lazımdır.

Məktəb vaxtı foto dərnəklərinə də gedirdim. Bu gün də fotonu çox gözəl çəkirəm, amma axır vaxtlar bir az həvəsdən düşmüşəm. Həvəs mənim üçün bir az fərqlidir. Sevgiyə, dostluğa, ailəyə sadiq qalmaq normaldır və vacibdir, amma maraqlar dedikdə burada mənim üçün sadiqlik önəmli deyil. Çünki həyat mono deyil, onun bütün sahələrdə dadını çıxarmaq lazımdır. O nöqteyi nəzərdən, fotoyla da məşğul olmuşam, musiqiyə, rəqsə getmişəm, peşəkar səviyyədə ansamblda ifa etmişəm, idmanla məşğul olmuşam. Bizim vaxtımızda bunların hamısına imkan vardı, amma indi yox.

- Ali təhsil dövrünüzə toxunaq. Hansı universitetin məzunusunuz?

- 1-ci ali təhsilimdə Azərbaycan Memarlıq və İnşaat Universitetini Mülki və sənaye tikintisi fakültəsini bitirmişəm. Düzü, bu fakültəni seçməyimi atam təkid edib. Çünki bizim nəslimizdə hamı inşaatçıdır. Atam, əmilərim, əmi, bibi və xala uşaqları və s. Hərdən şəhərdə gəzəndə atam tikdiyi binaları fəxrlə bizə göstərir. İnşaat doğma sahədir, amma mənim deyil. Mənlik deyildi o universitet, amma indi hərdən dadıma çatır. Dostlar, tanışlar təmir etməzdən əvvəl məsləhət üçün müraciət edirlər, dizayn verməyimi istəyirlər, həmçinin evimin təmirində bu sahə karıma gəlib.

- Sevmədiyiniz ixtisası oxumaq çətin gəlmirdi?

- Mənim üçün əsas olan pozitivliyi tapmaq idi. Hər qaranın içində işıq axtarmaq lazımdır. Dərslərimiz çətin idi, ağır “çertyoj”larımız olurdu, amma onların arasında da maraq axatarırdım. Qrup yoldaşlarımızın çoxları royandan gəlmişdi, kirayədə qalırdılar. Tələbə dostlarımla onların evinə yığılıb, səhərə kimi “çertyoj” çəkirdik. Xatırlayıram, tərimiz kağıza axmasın deyə alnımıza dəsmal bağlayardıq. Lampa işığında, söhbət edə-edə, səhərə qədər “çertyoj”larımızı çəkirdik. Bu, universitetin ən maraqlı xatirələri idi. Mənim üçün pozitivlik məhz orada idi. Həmçinin, universitetimizdə KVN komandası, musiqi qrupumuz var idi. Yaradıcılığa həmişə həvəslə yanaşmışam. Universitet vaxtı çox aktiv tələbə olmuşam, sadəcə özümü heç vaxt inşaatçı kimi görməmişəm. Hansısa tikinti obyektində əlimdə “çertyoj”, başımda dəbilqə kimi təsəvvür etməmişəm, amma, onu da yaşamışam (gülür).

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm, 2015-ci ildə isə Dövlət İdarəçilik Akademiyasında magistr təhsilimi fərqlənməylə başa vurmuşam.

- Bəs jurnalistikaya gəlişiniz necə olub?

- Jurnalistikaya gəlməyimin əsasını inşaatı bitirməyim qoydu. Qismətə inanan adamam. Hər bir insanın qəlbində səs olur. Həmin səsə inansan, gec-tez yolunu tapırsan. 1997-ci ildə universiteti yeni bitirmişdim. Bir gün qonşumuz çalışdığı inşaatda fəhləyə ehtiyac olduğunu dedi. Məqsədə çatmaq üçün bir yerdən başlamalı idim. Razılaşdım, inşaata getdim və işə götürüldüm. O vaxt Bibiheybət Məscidinin aşağısında dəniz sahilində neftçilər üçün ofislər və s. inşa edirdik. Bir gün xarici fəhlələrdən birinə irad bildirdim. Tikinti qaydalarını hardan bildiyimi soruşdu. Dedim ki, bu işin ali təhsilini almışam. Sağ olsun o, rəhbərliyə bu barədə məlumat verdi. Onlar məni briqadir təyin etdilər. Hərdən rayondan qayıdanda Bibiheybət Məscidinin yanında avtomobili saxlayıb, həmin tikdiyim obyektlərə baxır, yaşadığım çətin günləri xatırlayıram.

Həmin tikinti bitəndən sonra bizi uzaq bir yerə köçürdülər. Fikirləşirdim ki, orada işləmək mənim üçün çətin olar. İşdən çıxdığım gün Azneft dairəsindən “İçəri şəhər” metrosuna piyada gedirdim. “Space” televiziyası yeni yaranmışdı, amma köhnə binada yerləşirdi. Fikirləşdim ki, işçilərimlə birlikdə onun interyerin dəyişə bilərəm. Televiziyaya yaxınlaşıb dedim ki, inşaatçıyam, bəlkə buranın təmir etdirilməsinə ehtiyac var? Bu vaxt oradan Suğra xanım keçirdi. O, kanalda musiqi redaktoru idi. Keçərkən onun məni süzməyi diqqətimi çəkdi. Nə isə, gözətçi dedi ki, ehtiyac yoxdur. Geri qayıdanda 4-cü mərtəbədən piyada düşmək istədim. Çünki binanın tarixi dizaynı mənə maraqlıydı. Heç bir mərtəbə aşağı düşməmişdim, kimsə məni arxadan çağırdı. Sonradan isə məlum oldu ki, Suğra xanım məni görən kimi Nərgiz Cəlilovanın yanına gedib, axtardıqları kriteriyada adamı gördüyünü bildirib. Nərgiz xanım da məni görmək istədiyini deyib. Qapı açıldı, Nərgiz Cəlilovanı qarşımda gördüm. Əyləşməyimi xahiş edib, sual verməyə başladı. Özüm, işim haqqında məlumat verdim. Televiziyada işləmək istəyib, istəmədiyimi soruşdu, dərhal razılaşdım. Sən demə, həmin vaxt “Space”yə aparıcılar axtarılırmış. Sonradan məlum oldu ki, təkcə kişi aparıcılıqla bağlı telekanala 400-dək müraciət daxil olub, onlardan isə cəmi iki nəfər mən və Mirsəməd Cəfərli seçilib. Qızlardan isə Şəfəq Akifqızı və Günay Malikqızı seçilib. Daha sonra dostumuz Tural Müseyibov da Space ailəsinin üzvü oldu. Həqiqətən bir ailə idik. Bir sözlə, “Space”nin interyerin dəyişməyə getmişdim, amma o mənim həyatımı dəyişdi. Təsəvvür edin, dəcəl oğlan aparıcı olacaq və tezliklə tanınmış simaya çevriləcək. Heç vaxt gözləməzdim, amma qismət. Məni İdman redaksiyasına korifey Aydın Əliyevin yanına verdilər. Burada ilk bir ay işim ancaq qəzet oxumaq oldu. Hərf səhvlərini tapır, cümlə quruluşlarına baxırdım. Bir aydan sonra prosesin özünü görməyə başladım. Xarici xəbərlər haradan yazılır, kim tərcümə edir, kim oxuyur... Aydın müəllim hər şeyin fundametindən başlayırdı. “Space”nin idman xəbərlərində ilk efirim fevralın 9-da oldu. Beləcə, jurnalistika faəliyyətim başladı. 7 il müddətində “Space”də çalışdım.Nərgiz xanımdan aparıcılığı, danışıq tərzini, oturuşu, insanlarla ünsiyyəti, maraqlı danışmağı, Aydın müəllimdən isə jurnalistikanı, yazı üslubunu, xəbəri öyrəndim. 7 il müddətində hər gün Aydın müəllimə yazılarımı verdim. O, xəbərə çap olunmuş versiyada baxır, səhvləri isə qırmızı qələmlə düzəldirdi. Çox tələbkar müdir idi. Təsəvvür edin, 7 il müddətində cəmi 3 dəfə o vərəqdə səhv tapılmamışdı. Sevincimdən dostlarla həmin günləri qeyd etmişdik.

- Daha sonra hansı işlərdə çalışmısınız?

- Hər kəsin qarşısında bir hədəf, hansısa bir zirvəyə qalxmaq olur. Bəs, ora qalxandan sonra nə baş verir? Axı zirvədə qalmaq maraqsızdır. İnsan gərək alpinist olsun, bir zirvəni fəth etdisə, sonra digər zirvələri fəth etmək istəsin. Elə olanda insan həyatı maraqlı olur. Mənim üçün həyatda məntiqlə yaşamaq lazımdır. Məntiqin varsa, qabağa gedəcəksən, yoxdursa, yaşama. Savadı oxumaqla öyrənə bilirsən, mədəniyyəti də sənə deyə bilərlər, amma məntiqi sənə heç vaxt öyrətməyəcəklər. Burada söhbət həyati məntiqdən gedir, onu da illər hesabına qazanmaq olur. Hansısa bir zirvəyə qalxdınsa, düşməlisən. Onsuz da gec, tez oradan düşəcəksən. Ya, kimsə səni oradan aşağı salacaq, ya da özün düşüb, ikinci bir zirvəni fəth edəcəksən. “Space”də çalışdığım 7 il müddətində ən yaxşı jurnalist, ən yaxşı idman xəbəri aparıcısı adına layiq görüldüm. Milli Olimpiya Komitəsinin himninin müəllifi, 3 seriyalı “Bizim olimpiyaçılar” filminin baş prodüseri oldum. O filmə görə “Humay” mükafatı aldım. Elnur Camalxanov, Tural Xudiyevlə birlikdə apardığımız veriliş Milli Olimpiya Komitısinin sponsorluq etdiyi yeganə layihə oldu. Sonra düşündüm, bəs, bundan sonra hara? Aparıcı oldun, film çəkdin, jurnalist kimi özünü təsdiq etdin, bəs sonra? Axı başqa maraqlı yerlər var?! Həmin vaxt “Space” televiziyasının rəhbərliyi dəyişdi, kanalı yaradanlar getməli oldular. Bir müddət sonra Cudo Federasiyasından təklif gəldi. 2004-cü ildə Afina Olimpiya Oyunları keçirilirdi. Milli Olimpiya Komitəsində adım təsdiq olunmuşdu. İdman jurnalistinin ən böyük arzusu olimpiada görməkdir. Mən də Dünya, Avropa Çempionatlarını görmüşdüm, dünyanın 20-dən çox ölkəsində olmuşdum, amma olimpiadanı görməmişdim. Afinada olanda Cudo Fedrasiyasının Mətbuat xidmətinə təklif aldım, dəyərləndirdim. Bu da tam təsadüf nəticəsində oldu. Beləcə, 2004-cü oldən mətbuat katibi işləməyə başladım. Federasiyanın saytını yaratdıq, mətbuat konfransları keçirtdik və s. Həmin dövrdə paralel “İ Media” şirkətində işlədim. Reklam, ictimaiyyətlə əlaqələr, marketinq sahəsini öyrəndim.

2006-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyə başaldım. İlk 2 il müddətində Avropa İttifaqının TACİS layihəsində İctimaiyyətlə əlaqələr üzrə ekspert olaraq, müxtəlif xarici dövlətlərdə təcrübə əldə etdim. Amerikada PR üzrə xüsusi təlimlər keçdim.

Bura mənim üçün çox böyük məktəb oldu. Həm PR işinə xarici yanaşmanı bildim, həm informasiyanı ötürməyi öyrəndim, həm də paralel olaraq Nazirliyin Mətbuat xidmətində işlərimi apardım. Hazırda Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri çalışan İlham Məmmədovu və Asəf Əliyevi o vaxt nazirliyə dəvət etdim. Üçümüz nazirliyin İctimaiyyətlə əlaqələr sektorunu qurmağa başaldıq. Beləcə, məmur oldum. Məmurluq həyatında pillə-pillə qalxmağa başaldım. Düşünürəm mətbuat katibi kimi necə işlədiyimə ən doğru qiyməti dəyərli jurnalistlərimiz versələr daha düzgün olar (gülür). Daha sonra nazirlikdə müxtəlif yüksək vəzifələrdə işlədim. 2013-cü ilədək...

Bilirsiniz, həyat ağ-qara zolaqlardan ibarətdir. Ağ zolaqdansansa, bil ki növbəti qara gələcək, buna hazır olmalısan. Qara zolaqdasansa, narahat olma, növbəti ağdır. Ağ zolaq səni toparlanmağa, proqnozlaşdırmağa imkan verir, qara zolaq isə səbrli olmağı öyrədir, həm də əsl dostlar o qara zolağda daha aydın görünür (gülür).

2014-cü ildə Avropa Oyunlarında Cüdo üzrə yarışların direktoru oldum. Həyatımda yeni bir səhifə açıldı, amma bu, müvəqqəti idi. Bir il müddətində orada çox şey öyrəndim. Müasir idarəçiliyi, kadrlarla məmur kimi yox, məmur olaraq müasir şəkildə danışmağı, onları yetişdirməyi, idarə etməyi fərqli şəkildə öyrəndim.

Hazırda Dövlət Miqrasiya Xidmətində həvəslə çalışıram və bununla fəxr edirəm. Bura mənim üçün yeni bir sahədir. Çalışıram ki, işimdə uğurlar qazanıb etimadı doğruldum. Elə ən böyük uğurun açarı da buradadır.

- Özünüzü daha çox hansı sahədə tapdınız?

- Bilirsinizmi, insan təkcə əli ilə işləyib deyilən tapşırığı icra edirsə, o sadəcə işçidi. Əgər işləyəndə başı ilə düşünüb daha yaxşı icra edirsə, demək ustadı. Amma deyilənlərə, yəni gördüyü işə həm də ürəklə can yandırırsa, deməli sənətkardır, peşəkardır, yaratdığı uzun illər qalacaq. Mən də çalışmışam ki, hər işə ürəklə yanaşım.

Hərdən düşünürəm həkimlik peşəsinə yiyələnsəydim, necə olardı? Kimsə bu gün evdə əlini kəsəndə mən onu sağaldıram. Əlim çox yüngüldür. Qandan, yaradan qorxmuram. Kəsim, düzəldim, bir az soyuqqanlıyam. Hərdən mənə deyirlər ki, gərək həkim olaydın. Özüm üçün də maraqlıdır. Amma belə baxıram ki, ən yaxşı halda cərrah, baş həkim olacaqsan. Lakin jurnalistikada bütün insanlarla işləyirsən. Sən həm siyasətçilərlə işləyə bilərsən, həm də həkimlərlə. Bu, sənin peşədəki növündür. Ondan bir pillə yuxarı isə ictimaiyyətlə əlaqələrdir. O ictimaiyyətin içində həkim də var, siyasətçi də, sürüçü də, sadə vətəndaş da. Burada məqsəd öz məhsulunu-informasiyanı satmaqdır. Elə satmalısan ki, o, keyfiyyəti ilə seçilsin, məhz sən istədiyin şəkildə qəbul olunsun. Bu, informasiya marketinqidir. Dediyim kimi, xəbər və məlumat eyni şey deyil. Qurumun sözcüsü, mətbuat katibi və ictimaiyyətlə əlaqələri tamam başqa şeylərdir. Mən ictimaiyyətlə əlaqələrə cavabdeh şəxsəm. Bu gün mən məhsulumu satmalıyam. Buna görə əvəz istəmirəm, mənə lazım olan sənin diqqətindir. Daha doğrusu sənin diqqətini özümə cəlb etməyimdir. İnformasiyanı sənə elə verməliyəm ki, ona gözucu da olsa baxasan. PR əslində bu deməkdir. Hər halda, mən belə düşünürəm.

- Həyatınızda təsadüf adlandırdığınız və sizi irəli aparan hadisələr çox olub. Bu baxımdan, özünüzü şanslı hiss edirsiniz?

- Hər bir insan şanslıdır. Allah bizə simanı verib, amma ifadəni özümüz qazanmalıyıq. Məntiqlə yaşayırsansa, onsuz da şanslısan. Məntiq sənə bu addımı indi atıb, atmamağı göstərir. Xatırlayıram, 2000-ci il idi. Azərbaycan Milli Komandası Olimpiya oyunlarına yola düşürdü. İndiki Həyat Reycensi otelində yolasalma tədbiriydi. Cənab prezident də orada idi. O vaxt İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti idi. Ona yaxınlaşmaq istəyirdim, amma tərəddüt edirdim. Fikirləşirdim ki, mən hara, İlham Əliyevə yaxınlaşmaq hara, amma dedim ki, niyə də yox?! Dediyim məntiq məsələsi burada köməyimə gəldi. Yaxınlaşdım, qarşımı heç kim kəsmədi. Salam verib, özümü təqdim etdim. Dedim ki, sizdən müsahibə almaq olar? Dedi ki, niyə olmur? Beləcə ilk eksklüziv müsahibəm həm də şəxsi tanışlığım uğurlu alındı. Daha sonra aparıcısı olduğum “Sport Line” proqramı haqqında danışdıq. “Yolumuz Afinayadır” filmini çəkəndə də Cənab Prezidentlə 45 dəqiqə təkbətək müsahibəm olub.( https://www.youtube.com/watch?v=GQ0PElJN_qU) Daha sonra Olimpiya Himni layihəsinə rəhbərlik etdim. Eldar Mansurov gözəl bir himn yazdı. Yadımdadı 2002-ci il idi.Himnin təqdimatı o vaxtkı Respublika sarayında idi. Ulu Öndər iştirakı ilə Milli Olimpiya Komitəsinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş böyük tədbir təşkil edilmişdi. Tədbirin sonunda mən səhnəyə çıxıb klipi təqdim etməli idim. Səhnədə çox həyəcanlı, həm də xoşbəxt idim. O, gün mənim jurnalist və televiziyaçı kariyeramın zirvəsi idi. (https://www.youtube.com/watch?v=IpBQPe3AOaU)

Yenə də deyirəm, bəlkə də şanslıyam, amma hər şey məntiqə və prinsipiallığa, yenilik axtarışına bağlıdır. Şanssızlıq isə həyatda həmişə epizodlarla baş verir. Məsələn, uzun müddət işsiz qaldım. Ozümə də qəribə gəlirdi ki, niyə mən işsiz olmalıyam?! Fikirləşirdim ki, demək qara zolağın üstündəyəm, özümü toparlamalıyam. Məncə bütün insanlar bundan keçir, yaxud da keçməlidir. Məntiqlə düşünürsənsə, o, insanı bərkidir, digər insanlara qarşı mərhəmətli edir. Həm də, sevdiyin insanların sənə dəstəyi, diqqəti çox böyük rol oynayır. Bəzən çətinlikdən çıxan insan qəddarlaşır. Müəyyən zirvəyə qalxdıqdan sonra insanları aşağılayır, alçaldır. Həmin insanlar çox məntiqsiz və axmaqdır. Çətinliyi görən insan insanlara sevgi ilə yanaşmalıdır.

- Əsgərlik dövrünüzdən danışaq bir az da...

- 1997-ci ildə ali təhsili başa vurmuşdum. Onda bir övladı olanları əsgərliyə aparmırdılar. Sonra qərar dəyişdi, onları da apardılar, amma ön cəbhəyə yox, arxa cəbhəyə. 1999-cu ildə çağırış gəldi. Bəlkə də inanmayacaqsız, amma sevinirdim. Hamı kimi mən də Vətənimə layiqincə borcumu qaytarmaq üçün əsgər olmuşam. Bir dəfə idman jurnalistinin prinsipiallığı əsgər Elnura güc gəlmişdi. Yadımdadır, futbol üzrə Çempionlar Liqasının final oyunu idi. Mançester Yunayted oynayırdı. Baxmaya bilməzdim. Doğrudur, özüm Yuventus klubunun qatı azarkeşiyəm, amma finala baxmaq hər bir futbolsevərin borcudur. Hərbi hissədən gecə 12-yə qalırdı getdim, qayıtdım, heç kim bilmədi. Bu müsahibədən sonra hamı biləcək (gülür).

- Bildiyimiz qədərilə, motosikletlərə marağınız var...

- 2001-ci ildə Bakıdan Ceyhana 1 barel nefti, Ərzuruma isə ilk kub metr təbii qazı məhz motosikletlərdə aparmışdıq. “Neft Odisseyası” filminin çəkilişində həmin motoyürüşdə motosikletə marağım oyandı. (https://www.youtube.com/watch?v=sHjutCCdzE0) Bir müddət aktiv istifadə edirdim bu nəqliyyat vasitəsindən. Amma son illər işlərin çoxluğundan o sahədən uzaqlaşmışam, amma nə vaxtsa qayıda bilərəm.

- Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən danışaq...

- Axır ki, çatdıq əsas məsələyə (gülür). Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinə cavabdehəm. Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal müəllim mətbuatla işin düzgün qurulmasına, insanların yüksək şəkildə məlumatlandırılmasına çox tələbkardır, yeniliklərə açıqdır. Mənim üçün sevindiricidir, düzü bilmədiyim şeylər olur. Çalışıram ki, onları da öyrənim, amma xidmətin özündə böyük dəyişikliklər olub. Bunu vətəndaşlardan gələn məktublar da təsdiq edir, uzun müddət çalışan əməkdaşlar da deyir. Ümumiyyətlə, qanunvericilik bazasında böyük dəyişiklər olub. Məsələn, olduğun yer üzrə qeydiyyatın vaxtı 10 gün idisə, 15 gün oldu. İndi insanlar 15 gün müddətində gəlib, istirahət edib, gəzib, gedirlər. Bu, həmçinin turizmin inkişafına dəstəkdir. Hazırda miqrasiya sahəsində çox böyük işlər gedir. Həm də bir əsas məqamı unutmamalıyıq. İstənilən mətbuat xidmətinin işi qurum rəhbərinin mətbuata, ictimaiyyətə münasibətindən asılıdır. 1-ci şəxs mətbuata açıqdırsa, orada mətbuat xidmətinə yalnız qollarını çirmələyib işləmək qalır.

- Son olaraq, oxucularımıza nə demək istərdiniz?

- Hər zaman insanlarda pozitivlik axtarsınlar. Yəni, hamımızın səhvi var, həyatda səhvi olmayan insan yoxdur. Hər insanın qəlbində mənfi cəhəti mütləq var. Çalışın ki, onu düşünməyəsiniz. İlk gördüyünüz insanda pozitivlik axtarın. Həyatınızı pisliklərlə mübarizəyə sərf etməyin. Sadəcə, yaxşılıqları çoxaldın. Onda cəmiyyət daha gözəl olacaq. Ruminin bir sözü mənim üçün şüardır. Deyir ki, ətrafda tikanlar varsa, onu çıxarmayın, onsuz da çoxalacaq. Onun əvəzinə gülləri çox əkin. O zaman ətraf laləzar görünəcək. Tikan zatən var.

Xəyalə Məmmədova

Fotolar: İdrak Mustafayev

“Dərs başlayanda qızlarla makiyajımızı tez silirdik” - İradə İbrahimovayla MÜSAHİBƏ / Fotolar

“Amaliya Pənahovanı mənim kimi heç kəs yamsılamır" - Ülviyyə İsmayılovayla MÜSAHİBƏ / Fotolar

“Xəbər portalları bu gün “Copy paste” ilə məşğuldur” - Yadigar Məmmədliylə MÜSAHİBƏ / Fotolar

«Hüquq fakültəsinin “Ən nümunəvi məzun”u seçilmək qismətim imiş» - Firad Əliyevlə MÜSAHİBƏ / Fotolar

“Biz bu günə başımız daşdan-daşa dəyərək gəlmişik” - Kənan Quluzadəylə MÜSAHİBƏ / FOTOLAR

“Zavodda 4 il çilingər işləmişəm” - Vaqif Əsədovla MÜSAHİBƏ / FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI